Ermənistan silahlı qüvvələrinin bölmələri 12-13 iyul tarixlərində Azərbaycanın Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub”, - deyə məlumatda bildirilir.
Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.
“Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
İyulun 13-nə keçən gecə ərzində də Tovuz istiqamətində gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun zabiti şəhid olub.
Prezident İlham Əliyev sərhəddə təxribata görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyub.*
X.Nəsirzadə