Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) bu gün Havandan yerinə yetirdiyi xüsusi reyslə koronavirusla mübarizə sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Bakıya gətirilib. Bu barədə AZAL-ın məlumatında deyilir.
“Bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrutu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil edib”, – deyə məlumatda bildirilir.
Reys Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunub.
Operativ Qərargahdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, kubalı həkimlər pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcək, öz təcrübələrini bölüşəcəklər. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.*
B.Rüstəmbəyov