Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə ayrı-ayrılıqda telefon danışığı baş tutub.
"İyulun 13-də Lavrovun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi məsələsi müzakirə olunub", - deyə RF XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.
“Lavrov tərəfləri dərhal atəşkəsə, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, habelə ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb", - deyə məlumatda bildirilir.
“Rusiyanın istər milli, istərsə də ATƏT-in Minsk Qrupunda həmsədrliyi çərçivəsində həm Bakı, həm də Yerevanla təmaslarda vasitəçilik missiyasını davam etdirəcəyi vurğulanıb. Rusiya tərəfi, həmçinin Minsk Qrupunun bütün üzvlərinin mövcud vəziyyəti qiymətləndirərkən gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməklə məsuliyyətli yanaşma sərgiləməsinin vacibliyini də qeyd edib", - deyə məlumatda vurğulanır.*