Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın səylərinə böyük ümidlər bəsləyir.
Əliyev Fransa Respublikasının milli bayramı münasibətilə Emmanuel Makronu təbrik edib.
“ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və digər həmsədr ölkələrin qətiyyəti və ədalətli mövqeyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına tezliklə son qoyulacağına, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına ümid bəsləyirik. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində ədalətli şəkildə həll olunacağına inanırıq”, - Azərbaycan liderinin saytında dərc olunan Əliyevin təbrik məktubunda deyilir.
Həmçinin, dövlət başçısı Azərbaycanla Fransa arasında dostluq və əməkdaşlıq əlaqələrini qeyd edib.
“Siyasi, iqtisadi, mədəni, təhsil, müdafiə, yüksək texnologiyalar və digər sahələrdə ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edən əlaqələrimizin birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəyinə əminəm. Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır”, - təbrikdə qeyd olunur. **
B.Rüstəmbəyov