Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev dövlət əleyhinə yönələn açıq çağırışlar və Ermənistanla sərhəddə vəziyyətlə bağlı yalan məlumatın yayılması ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatında bildirilir ki, iyulun 12 və 13-də Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.
“Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb”, - məlumatda qeyd olunur.
R.Qazıyev 1992-ci il mart-1993-cü il fevral ayı dövründə Azərbaycanın müdafiə naziri olub. **
X.Nəsirzadə