ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) Azərbaycan-Ermənistan dövlət sərhədində gələcəkdə gərginliyin aradan qaldırılması məqsədilə iki ölkəni zəruri tədbirlər görməyə çağırıblar.
“Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir.Döyüşün başlanmasında tərəflər bir-birini ittiham edir. Minsk Qrupu həmsədrləri atəşkəsin pozulmasını qınayır və gərginliyin daha da artmaması üçün tərəfləriaralarındakı birbaşa rabitə kanallarından istifadə etmək də daxil olmaqla, bütün zəruri addımları atmağa çağırır", - həmsədrlərin bəyanatında qeyd olunur.
Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar.
“Minsk Qrupu həmsədrləri tərəfləri mümkün qədər qısa zamanda substantiv danışıqlara başlamağa çağırırlar. Həmçinin, şərtlər imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasının vacibliyini vurğulayırlar”, - bəyanatda deyilir. **