Ermənistan regionda Azərbaycanla sərhəddə daha bir münaqişə ocağı yaratmağa çalışır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevbelə hesab edir.
“Ermənistanın cəzasızlığını onu növbəti hərbi avantüralara və təxribatlara sövq edir. Ermənistan regionda Azərbaycanla sərhəddə daha bir münaqişə ocağı yaratmağa çalışır”, - Hacıyev Türkiyənin “TRT World” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, 4 azərbaycanlı zabit və əsgərin həlak olması ilə nəticələnən iyulun 12-13-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalar “təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır”.
“Bun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır və Ermənistan hökuməti buna görə birbaşa məsuliyyət daşıyır”, - Hacıyev vurğulayıb.
Həmçinin, Azərbaycan Prezidentinin köməkçisi ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. “ATƏT-in Minsk qrupunun həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamaları, onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrası gözlənilir”, - Hacıyev əlavə edib. **
X.Nəsirzadə