Sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində dinc sakini həlak olması faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
“Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn hərbi cinayətlər qeydə alınaraq hal-hazırda hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilir, həmin faktlar üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir”, - məlumatda qeyd olunur.
Vurğulanıb ki, hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görüləcək.
Xəbər verildiyi kimi, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində Ağdam kəndinin sakini 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub. **
X.Nəsirzadə