Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib.
“Bu cür vəziyyət sərhədyanı yaşayış məntəqələrinin sakinləri üçün risklər yaradır. BQXK narahatlığını bildirir və mülki şəxslərin və bilavasitə döyüşlərdə iştirak edənlərin fərqləndirilməsinin zəruriliyi barədə xatırladır”, - BQXK-nın regiondakı nümayəndəsi Martin Şults bəyan edib. Komitənin İrəvandakı missiyasının mətbuat xidməti onun sözlərindən sitat gətirir.
“Tərəfləri beynəlxalq humanitar hüquq normalarını hörmət etməyə, hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatlarını qorumaq məqsədilə bütün xəbərdarlıq vasitələrini təmin etməyə, mülki obyektlərin, məktəblərin, yaşayış evlərinin, tibbi müəssisələrin təhlükəsizliyini təmin etməyə çağırırıq”, - Şults vurğulayıb.
O həmçinin qeyd edib ki, BQXK neytral vasitəçi qismində çıxış edərək vəziyyətin gərginləşməsindən zərər çəkənlərə yardım etməyə hazırdır. **