Minsk Bakı və Yerevanı birbaşa dialoqu bərpa etməyə və atəşkəs rejiminə sadiq qalmağa çağırır
Minsk Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır, Bakı və Yerevanı birbaşa dialoqu bərpa etməyə və atəşkəs rejiminə sadiq qalmağa çağırır.
"Belarus Respublikası Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini dərin narahatlıq hissi ilə qeyd edir. Bütün münaqişələr yalnız sülh yolu ilə, danışıqlar və beynəlxalq səviyyədə tanınmış digər alətlərin köməyi ilə həll olunmalıdır", - deyə Belarus Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir.
Bəyanatda vurğulanır ki, güc tətbiqi vəziyyəti yalnız daha da ağırlaşdıra bilər. "Tərəfləri atəşkəs rejiminə sadiq qalmağa və gərginliyin artmasına və insan itkisinə səbəb olan hər hansı bir addımlardan çəkinməyə çağırırıq", - deyə bəyanatda qeyd olunur.
"Ümid edirik ki, Bakı və Yerevan birbaşa dialoqu bərpa edəcək, bütün regionda sabitliyə görə məsuliyyəti dərk edərək hər iki xalqa xas olan müdriklik və ehtiyatlılıq nümayiş etdirəcək. Həmçinin ümid edirik ki, Azərbaycana və Ermənistana dost olan bütün ölkələr, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində, gərginliyin aradan qaldırılması üçün öz nüfuzundan istifadə edəcəklər", - deyə XİN-dən bildiriblər.*