NATO ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycan və Ermənistan sərhədində gələcək eskalasiyanın qarşısını almağa çağırıb.
“NATO Azərbaycan-Ermənistan sərhədindəki ağır texnikanın tətbiq olunduğu və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyir”, - deyə NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Facebook” səhifəsində yazıb.
O, Minsk qrupunun həmsədrlərini tərəflər arasında gələcək eskalasiyanın qarşısını almaq üçün bütün lazımitədbirləri görməyə çağırıb.
Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun zabiti şəhid olub.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Müdafiə nazirinin müavini Kərim Vəliyevin verdiyi məlumata görə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid olub. “General-mayor Həşimov və polkovnik Mirzəyevlə yanaşı, daha 5 hərbi qulluqçumuz şəhid olub", - deyə o bildirib. Döyüşlərin getdiyi 3 gün ərzində Azərbaycan Ordusunun 11 hərbi qulluqçusu şəhid olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə açdığı atəş nəticəsində bir dinc sakin həlak olub.
Nazir müavininin sözlərinə görə, iyulun 12-dən düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, komanda məntəqəsi və 100-ə yaxın canlı qüvvəsi məhv edilib.
O əlavə edib ki, hazırda döyüşlər davam edir.*
Ə.Məmmədov