Hazırda Baş Prokurorluq iyulun 15-nə keçən gecə bir qrup şəxsin Milli Məclisin inzibati binasına qanunsuz daxil olması faktları ilə bağlı araşdırma aparır. Bu barədə parlamentin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev məlumat verib.
"Hazırda Baş Prokurorluq bir qrup şəxsin Milli Məclisin inzibati binasına qanunsuz daxil olması ilə bağlı araşdırma aparır. Binanın daxilində əmlaka dəymiş zərər hesablanacaq", - deyə o, bu gün jurnalistlərə müsahibəsində bildirib.
C.Əliyev qeyd edib ki, asayişi pozanlar polis tərəfindən saxlanılıb.
O əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova dərhal parlamentə gələrək vəziyyətlə tanış olub.
Xəbər verildiyi kimi, iyulun 15-nə keçən gecə Bakının müxtəlif rayonlarında əhali Orduya dəstək məqsədilə icazəsiz yürüş-mitinq keçirib. Səhər saatlarında bir qrup nümayişçi parlament binasına daxil olub, lakin polis onları binadan çıxarıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
İctimai asayişin bərpası zamanı 7 polis əməkdaşı xəsarət alıb, 2 xidməti avtomobil yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və yol infrastrukturuna ciddi ziyan vurulub.*
X.Nəsirzadə