Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan-Ermənistan dövlət sərhədində hərbi əməliyyatlarla əlaqədar səfərbərlik elan etmək niyyətində deyil. Bu barədə Xidmətin bəyanatında deyilir.
“Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir. Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur”, - deyə bəyanatda bildirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir.
Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun zabiti şəhid olub.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Müdafiə nazirinin müavini Kərim Vəliyevin verdiyi məlumata görə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid olub. “General-mayor Həşimov və polkovnik Mirzəyevlə yanaşı, daha 5 hərbi qulluqçumuz şəhid olub", - deyə o bildirib. Döyüşlərin getdiyi 3 gün ərzində Azərbaycan Ordusunun 11 zabiti və 1 əsgəri şəhid olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə açdığı atəş nəticəsində bir dinc sakin həlak olub.
Nazir müavininin sözlərinə görə, iyulun 12-dən düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.*
B.Rüstəmbəyov