“SOCAR Ukrayna” Ticarət Evi şirkəti “Odessa liman zavodu” SC üçün yeni xammal tədarükçüsü olmağa ümid edir.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, ötən gün zavod təbii qazın tollinqi və hazır məhsulun göndərilməsi üzrə xidmətlər göstərən şirkətin seçilməsi ilə bağlı keçirilən tender çərçivəsində beş təklif aldığını açıqlayıb. İddiaçılar hazırkı tədarükçü “Agro Gas Trading” (AGT) daxil olmaqla “IBE Trade Corp.” (ABŞ), "Maddox SA (İsveçrə), "KONTRAKT" özəl müəssisəsi (Ukrayna) və "SOCAR Ukrayna" Ticarət Evidir.
2020-ci ilin avqust ayının ortalarına qədər tenderə yekun vurulması və qalib şirkətlə yeni müqavilənin bağlanması planlaşdırılır. Bununla əlaqədar müəssisə iyulun 1-dən etibarən xammalın mövcud tədarükçüsü ilə əməkdaşlığı davam etdirir.
"Odessa Liman Zavodu" ASC ammonyak, karbamid, maye azot, karbon dioksidi və maye oksigen istehsalı üzrə ixtisaslaşıb.
“SOCAR Ukrayna” Ticarət Evi MMC SOCAR Şirkətlər Qrupuna daxildir. Neft məhsullarının xırda və iri topdansatış istiqamətini inkişaf etdirən bu MMC 2017-ci ilin əvvəlindən təbii qaz bazarına çıxıb.*
N.Abbasova