Prezident İlham Əliyev Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyinə və Azərbaycana göstərdiyi dəstəyə görə bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
“Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir”, - deyə Əliyevin Ərdoğana ünvanladığı məktubda bildirilir.
İ.Əliyev qeyd edib ki, bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.
“Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin növbəti ildönümüdür. Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir”, - deyə məktubda qeyd olunur.*
Ə.Məmmədov