Azərbaycan prezienti İlham Əliyev hesab edir ki, KTMT Ermənistanla sərhəddə baş vermiş hərbi insidentlə bağlı müdaxilə edə bilməzdi.
“Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər?”, - Əliyev bu gün Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, bu addım “Ermənistanın acizliyini, qorxaqlığını göstərir”. “Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır”, - prezident əlavə edib.
Əliyev vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə döyüşlər nəticəsində ölənlərin sayını gizlədir. **
A.Əzizov