“Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə 245 milyon manatdan artıq məblığdə kompensasiya ödənilib. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“İndiyədək “Atabank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə qorunan əmanətlər üzrə 245 milyon manatdan artıq məbləğdə kompensasiya ödənilib”, - Rüstəmov çərşənbə günü Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, qeyd olunan bankların 13,5 min əmanətçisi kompensasiya alıb.
“Atabank” və “Amrahbank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin 35 filialında ödənilir. “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ödənilir.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.**
A.Əzizov