2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 milyard 696 milyon 741,89 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $12 milyard 675 milyon 814,93 min (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 25,4% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $7 milyard 686 milyon 278,41 min (azalma 23%), idxalın həcmi $4 milyard 989 milyon 536,52 min (azalma 28,9%) təşkil edib.
İxracın strukturunda əssa həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (89,14%).
İdxalın strukturunda 15,36% ərzaq məhsullarının, 0,79% tütün və tütün məhsullarının, 3,62% əczaçılıq məhsullarının, 1% gübrələrin, 3,4% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,5% odun və agac məhsullarının, 1,86% geyim və geyim aksessuarlarının, 10,13% qara metal və ondan hazırlanan məmulatların, 23,45% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,1 nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,71% mebelin, 25,08% digər məhsulların payına düşüb.
Yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarında 6,379 min özəl və dövlət müəssisəsi və 19,467 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 167 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyun aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 32,01%-i), Türkiyə (19,21%), İsrail (4,25%), Hindistan (3,71%), Rusiya (4,95%), Xorvatiya (3,16%), Yunanıstan (3,23%), Gürcüstan (3,05%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,32%), Türkiyə (14,82%), Çin (13,3), Almaniya (5,27%), ABŞ (8,14%), İtaliya (4,07%), Ukrayna (4,27%), İran (2,79%), Böyük Britaniya (2,65%) və Yaponiya (1,9%) ilə həyata keçirib.**
Ə.Məmmədov