2020-ci ilin birinci yarısının sonuna Dövlət Neft Fondunun (ARDNF) aktivləri $43 milyard 223,3 milyon təşkil edib. Bu barədə ARDNF-nin mətbuat xidmətindən məlumat verilir.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə ARDNF-nin aktivləri $43 milyard 323,3 milyon təşkil edib. Beləliklə, birinci yarımillik ərzində Fondun aktivləri 0,2% azalıb.
“Bu ilin ilk yarısında koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-in valyuta aktivlərinə təsirsiz ötüşməmişdir. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-in məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş onun investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənmişdir”, - Fondun məlumatında qeyd olunur.
Bildirilir ki, aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyllərin yaranması üçün ümidverici amillər olub. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət etmiş və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20% artım müşahidə olunmuşdur.
“Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapıb. Nəticədə, cari ilin ikinci rübü (aprel-iyun ayları) ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 953,8 mln. manat olmuşdur. İkinci rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-in büdcədənkənar gəliri kimi 1 216,1 mln. manat təşkil edib”, - məlumatda deyilir.
İlk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 mln. manat olmuşdur.
2020-ci ilin yanvar-iyun aylarında ARDNF-nin mənfəət nefti və qazının satışından gəlirləri - 4 milyard 130,1 manat, bonus ödənişləri - 767,8 milyon manat, akrhesabı ödənişlər – 6,2 milyon manat, tranzit gəlirləri - 10,6 milyon manat təşkil edib.
Bu dövr ərzində neftin xalis orta qiyməti bir barrel üçün $38,2 təşkil edib.
Yanvar-iyun aylarında valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 935 milyon manat təşkil edib.
2020-ci ilin birinci yarısında Fondunxərcləri 5 milyard 824,8 milyon manat, həmçinin, dövlət büdcəsinə transfertlər – 5 milyard 675 milyon manat təşkil edib, qalanı – digər xərclərin payına düşüb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova