2020-ci ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 5 milyard 831,2 milyon kubmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 19,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ilin birinci yarısında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 37,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - Komitədən bildirilir.
Bütövlükdə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 15 milyard 589,9 milyon kubmetr qaz (artım 12,2%) nəql edilib.
2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 10 milyard 417,8 milyon kubmetr təşkil edib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova