Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı XİN başçısı Elmar Məmmədyarovu istefaya göndərdi.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Digər sərəncamla Ceyhun Bayramov XİN başçısı təyin olunub. Bununla əlaqədar, C.Bayramov Azərbaycanın təhsil naziri vəzifəsindən azad olunub.
Dünən prezident İlahm Əliyev Məmmədyarov XİN başçısı postunda fəaliyyətini kəskin tənqid edib.
Məmmədyarov 2004-cü il aprelin 2-dən XİN başçısı olub.
Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub. Evlidir, 2 övladı var. **
A.Əzizov