Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Əliyev ilk növbədə Bayramova nazirlik sistemində vəziyyəti sağlamlaşdırmağı tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İlk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm”, - Azərbaycan prezidenti bildirib.
Qonşu ölkələrlə münasibətlərə toxunan Əliyev bildirib ki, bu məsələ bizim üçün prioritetdir. “Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur”, - Əliyev qeyd edib.
Onun sözlərinə görə, “qonşu dövlətlərlə münasibətlərimiz strateji xarakter daşıyır, həmin ölkələrdə yaşayan azərbaycanlılar bu münasibətlərdə xüsusi yer tutur”.
“Biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq”, - Əliyev əlavə edib.
Həmçinin, dövlət başçısı vurğulayıb ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıilə münasibətləri çox yaxşıdır. Həmin təşkilatlar baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yayıb.
O cümlədən, Əliyev ABŞ və Böyük Britaniya ilə münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib.
“Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var. Bizim strateji investorumuz Böyük Britaniyadır. Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var. Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır», - Əliyev bəyan edib. **
A.Əzizov