Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Bu barədə Rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib.
“İyulun 16-da Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu görüşüb. Görüşdə Azərbaycan-Ermənistan sərhədindəki hazırkı vəziyyət, eləcə də ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Görüşdə yeni koronavirus infeksiyası və onun nəticələrinə qarşı fəaliyyətdə sıx əməkdaşlığı davam etdirmək, habelə iki ölkə vətəndaşlarının vətənə qayıtmalarına kömək etmək üçün qarşılıqlı istək təsdiqlənib. “Koronavirusdan sonrakı dövr üçün müxtəlif sahələrdə əməkdaşlıq planları da nəzərdən keçirilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə