İyulun 16-da Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Xarici işlər naziri Ceyhun Bayramov çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə törədilmiş hərbi təcavüz, bununla əlaqədar regionda yaranmış vəziyyət və Azərbaycanın həyata keçirdiyi qətiyyətli əks-tədbirlər barədə məlumat verib”, - deyə məlumatda bildirilir.
C.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb.
O qeyd edib ki, Ermənistanın bu hərəkətləri ümumilikdə beynəlxalq hüququn, eləcə də Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin ciddi pozuntusudur.
“Nazir Ermənistanın təxribatçı hərəkətlərinə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayətkar əməllərinin ciddi və birmənalı pislənilməsinin vacibliyini diqqətə çatdırıb”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə