Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında bu gün baş tutan telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
“M.Çavuşoğlu C.Bayramovu xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. C.Bayramov Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib”, - deyə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur.
Nazirlər tərəfindən iki ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.
Xatırladaq ki, prezident İlham Əliyev iyulun 16-da Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsi və Ceyhun Bayramovun bu vəzifəyə təyin edilməsi haqqında sərəncamlar imzalayıb.*
A.Əzizov