2020-ci ilin yanvar-iyun aylarında Gürcüstana 271,6 min Azərbaycan vətəndaşı səfər edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 2,3 dəfə azdır. Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının məlumatında deyilir.
Bu ilin altı ayı ərzində Gürcüstana səfər etmiş vətəndaşların sayına görə azərbaycanlılar birinci yerdə qərarlaşıblar.
2020-ci ilin yanvar-iyun aylarında Gürcüstana 183,1 min Rusiya vətəndaşı səfər edib, bu isə 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 3,8 dəfə azdır.
Bu ilin altı ayı ərzində Gürcüstana gələn vətəndaşların sayına görə rusiyalılar dördüncü pillədə qərarlaşıblar. İkinci yerdə Türkiyə (226 min nəfər, azalma 2,2 dəfə), üçüncü yerdə isə Ermənistan vətəndaşları (205,4 min nəfər, azalma 2,6 dəfə) yer alıblar. İlk beşliyə Ukrayna vətəndaşları (35,5 min nəfər, azalma 2,3 dəfə) da daxildir. Növbəti yerlərdə İsrail, İran, Qazaxıstan, Polşa, Belarus və digər ölkələrin vətəndaşları gəlir.*