Azərbaycan hökuməti koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən sərt karantin rejimini uzatmağı planlaşdırır. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
"Sərt karantin sayəsində biz koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almağa müvəffəq olduq. Bu, karantin rejiminin effektivliyini göstərir. Buna görə sərt karantin rejiminin daha 2 həftə uzadılmasını planlaşdırırıq. Biz buna getməyə məcburuq", - deyə Mövsümov AzTV dövlət telekanalının efirində bildirib.
O, yoluxanların sayının azalması tendensiyasının davam edəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar avqust ayının 1-dək Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. Eyni zamanda, iyulun 20-dək ölkənin 16 şəhər və rayonunda biznes və əhali üçün məhdudiyyətlərlə müşayiət olunan sərt karantin rejimi qüvvədədir.
İyulun 16-na ölkəmizdə 26,165 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17,256 min nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib.
Bu gün koronavirus infeksiyasına 493 yoluxma faktı qeydə alınıb.
Hazırda 8,575 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.*
A.Əzizov