2020-ci ildə Azərbaycanda ÜDM 2% azalacaq, 2021-ci ildə isə iqtisadi artım 1,2% təşkil edəcək. "Qazprombank"ın analitikləri belə hesab edirlər.
"Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında ölkədə ÜDM pandemiya dövründə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər şəraitində 2,7% azalıb ki, bu da bir çox MDB ölkələri üçün səciyyəvidir. Qeyd etmək lazımdır ki, 2020-ci ilin birinci rübündə iqtisadiyyatın müsbət artım templəri qeyri-neft sektorunun (ilin birinci yarısının yekunları üzrə ÜDM-də onun payı 68%-ə çatıb) saxlanmasına imkan vermişdisə, ikinci rübdə onun dəstəyi zəifləyib, çünki bu sektor xüsusi karantin rejimi şəraitində ən çox zərər çəkmiş sahələri əhatə edir", - deyə bankın analitikləri "İnterfaks-Azərbaycan" agentliyinin malik olduğu həftəlik icmalda qeyd edirlər.
Statistik məlumatlara görə, ilin birinci yarısında qeyri-neft sektoru üzrə ÜDM ötən ilin analoji dövrü ərzində 2,4% artıma qarşı 2,5% azalıb.
"Xüsusi karantin rejimi şəraitində ilin birinci yarısının nəticələrinə görə sənaye istehsalı (-1,5%) və pərakəndə ticarət (-1,9%) sahələrində azalma olub. Qeyd edək ki, bütün ikinci rüb ərzində qüvvədə olan karantin şəraitində pərakəndə ticarətin həcminin azalma göstəricisi bizim gözləntilərimizdən zəif olub və təxminən 5% təşkil edib", - deyə bankın icmalında vurğulanır.
“Qazprombank”da hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı üçün ən çətin dövr ikinci rübdə olub və üçüncü rübdən etibarən karantin tədbirləri (avqustun 1-dək qüvvədədir) zəiflədikcə iqtisadi fəallıq bərpa olunacaq. "Yenilənmiş proqnoz ssenarimizə uyğun olaraq, avqustun 1-dən sonra karantin rejiminin zəifləməsi artıq üçüncü rübdə pərakəndə ticarətdə və istehlak mallarına yönəlik sənaye sahələrində artımın bərpasını təmin etməyə imkan verəcək. 2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-nin təxminən 2% azalacağını, 2021-ci ildə isə artımın 1,2%-ə qədər bərpa olunacağını gözləyirik", - deyə bankın analitikləri hesab edirlər.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırmışdı. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar hökumət cari ilin yekunları üzrə ÜDM-nin cüzi azalacağını gözləyir.
Bununla yanaşı, bütün beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayacaq. Xüsusilə Dünya Bankı 2,6% (2021-ci ildə artım 2,2%), Beynəlxalq Valyuta Fondu 2,2% (2021-ci ildə artım 0,7%), Asiya İnkişaf Bankı 0,1% (2021-ci ildə artım 1,2%), Avropa Yenidənqurma və İnkişaf Bankı 3% (2021-ci ildə artım 3%) səviyyəsində azalma proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
A.Əzizov