Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfini sərhəddəki vəziyyətlə bağlı saxta məlumatlar yaymaqda ittiham edib.
“Bu günlər ərzində Ermənistan müdafiə nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırladı. Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, məlum olduğu kimi, Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin onları ifşa etmək elə də çətin olmadı - fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi", - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, erməni yalanlarının ifşası ilə hətta xarici jurnalistlər də məşğul olublar. Xüsusilə Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Culian Repke Ermənistan müdafiə nazirliyinin yaydığı guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. “Əslində videoda görüntülənən ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsidir. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün pilotsuz uçuş aparatları salamatdır. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir", - deyə Dərgahlı əlavə edib.*
X.Nəsirzadə