SOCAR bu gün şirkətin istiqrazlarının sahiblərinə 15-ci dəfə faizlər üzrə $1,25 milyon məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
Qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı indiki ödəniş də nəzərə alınmaqla $18,75 milyon təşkil edib.
“İstiqrazlar üzrə növbəti faiz ödənişi 17 oktyabr 2020-ci il tarixində baş tutacaq”, - deyə məlumatda bildirilir.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $190 milyonu ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – ümumilikdə 2,2 min əqd bağlanıb.
“SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilib və REPO əməliyyatlarının həcmi $36 milyon təşkil edib”, - deyə məlumatda qeyd olunur.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında $100 milyon həcmində buraxılıb. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
SOCAR istiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edir və faizlər hər 3 aydan bir ödənilir.
İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 milyon təşkil edəcək.*
N.Abbasova