SOCAR 2020-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 585 min ton neft ixrac etməyi planlaşdırır.
“Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli bu gün (iyulun 17-də - İF) bərpa olunmalıdır. Bütövlükdə, cari ilin sonuna kimi biz bu marşrutla 585 min ton neft ixrac etməyi planlaşdırırıq", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O xatırladıb ki, SOCAR 2019-cu ildə sözügedən kəmərlə 824,4 min ton neft (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 36,5%) nəql edib.
"Transneft" şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin "İnterfaks"a SOCAR-ın Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etməyə başladığını təsdiq edib. "SOCAR ayda 85 min ton neft nəql etməyi planlaşdırır", - deyə o bildirib.
Xəbər verildiyi kimi, SOCAR 2020-ci ilin yanvar ayından Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etməyib. Şirkət neft həcmlərini əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərirdi.
SOCAR Novorossiysk boru kəməri vasitəsilə ixracın dayandırılmasının səbəblərini açıqlamayıb. Əhmədov yalnız qeyd edib ki, "əldə olan məlumata görə, sözügedən neft kəmərində müəyyən təmir-profilaktika işləri aparılır".
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.*
N.Abbasova