Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik hökm sürür, erməni hərbçilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini odlu silahlardan müntəzəm olaraq atəşə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumat verib.
“Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, amma gərginlik davam edir”, - deyə o bildirib.
V.Dərgahlının sözlərinə görə, Ermənistan silahlı qüvvələri sərhəd boyu Azərbaycanın mövqelərini avtomatlardan və digər odlu silahlardan atəşə tutur. "Mövqelərimiz iri çaplı silahlardan atəşə tutulmur. Sərhədin bu hissəsində vəziyyət nəzarətimiz altındadır", - deyə o əlavə edib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Tovuz istiqamətində döyüşlər iyulun 13-ü və 14-ü də davam edib. İyulun 15-də sərhəddə nisbi sakitlik hökm sürüb.
Lakin iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Eyni zamanda, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.
İyulun 12-dən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə açdığı atəş nəticəsində bir dinc sakin həlak olub.
İyulun 12-dən düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və 100-ə yaxın canlı qüvvəsi məhv edilib.*