İyulun 14-də Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələrinə mənzillərin sertifikatları təqdim edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə nazirinin müavini Kərim Vəliyev, eləcə də nazirliyin idarə rəisləri Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər, prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.
Nazirlik Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinə baş çəkməyi planlaşdırır və onlara hərtərəfli dəstək göstəriləcək.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Tovuz istiqamətində döyüşlər iyulun 13-ü və 14-ü də davam edib. İyulun 15-də sərhəddə nisbi sakitlik hökm sürüb.
Lakin iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Eyni zamanda, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.
İyulun 12-dən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə açdığı atəş nəticəsində bir dinc sakin həlak olub.
İyulun 12-dən düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.*
X.Nəsirzadə