2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan 129 min 486,36 ton polimer məhsullar ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar-iyun aylarında $93 milyon 229,56 min dəyərində (azalma 9,8%) 129 min 486,36 ton (artım 0,7%) plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib.
Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,21%, qeyri-neft ixracının strukturunda 10,22% təşkil edib.
2020-ci ilin yanvar-iyun aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 74 min 155,83 ton ($47 milyon 327,49 min) ilkin formada polietilenin, 50 min 599,02 ton ($39 milyon 877,07 min) isə ilkin formada polipropilenin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. “SOCAR Polymer” şirkətinin bu zavodların fəaliyyətindən $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.*
N.Abbasova