Böyük Britaniyada yaşayan Azərbaycan vətəndaşları Ermənistanın Londondakı səfirliyi qarşısında Ermənistan silahlı qüvvələrinin sərhəddə təxribatlar törətməsinə etiraz olaraq aksiya keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
“İyulun 17-də Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri Ermənistanın Londondakı səfirliyi qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsinə etiraz olaraq aksiya keçiriblər”, - deyə məlumatda bildirilir.
Dinc aksiya zamanı “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, Qarabağdan rədd ol!” , “Biz sülh və ədalət istəyirik” və sair şüarlar səsləndirilib.
“Aksiya zamanı Ermənistanın Britaniyadakı vətəndaşları müxtəlif təxribat xarakterli hərəkətlərə cəhd etsələr də, soydaşlarımız təmkinlilik göstəriblər”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə