“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycanda ÜDM-nin 4,2% azalacağını proqnozlaşdırır.
Apreldə “Fitch” Azərbaycan iqtisadiyyatının 2020-ci ildə 4,8% səviyyəsində azalacağını proqnozlaşdırmışdı.
"COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərin uzadılması və neftin aşağı qiyməti Azərbaycan iqtisadiyyatının artımına təsir göstərəcək. Bizim proqnozlarımıza görə, 2020-ci ildə ÜDM 4,2% azalacaq. Neft hasilatının həcminə Azərbaycanın may-iyul aylarında hasilatın azaldılmasına (2020-ci ilin sonuna qədər mümkün uzadılma nəzərdə tutulmaqla) dair OPEC+ sazişində iştirakı da təsir göstərib. Artım yalnız hökumətin davam edən 2,5 milyard manat (ÜDM-nin 3,1%-i) məbləğində tədbirlər paketi ilə qismən kompensasiya olunacaq", - deyə agentliyin məlumatında bildirilir.
Agentlik neftin qiymətləri və ümumi tələb bərpa olunduqca ÜDM-nin 2021-ci ildə 2,5%, 2022-ci ildə 2,8% artacağını proqnozlaşdırır, lakin "artım aşağı neft qiymətlərinin neft-qaz sektoruna investisiyalara təsiri ilə məhdudlaşdırılır".
"Azərbaycan enerji resurslarından yüksək asılılığa malikdir: ÜDM-nin təxminən 40%-i neft və qazın payına düşür. Cari əməliyyatlar hesabının kəsirinin 2020-ci ildə ÜDM-nin 4,0%-ni təşkil edəcəyi proqnozlaşdırılır (2019-cu ildə ÜDM-nin 9,1%-i həcmində profisit), lakin 2021 və 2022-ci illərdə müvafiq olaraq 4,4% və 6,1%-i həcmində profisitə qayıdacaq", - deyə agentliyin mütəxəssisləri qeyd edirlər.
"Fitch" qeyd edir ki, 2019-cu ilin sonuna ehtiyatlar $49,5 milyard təşkil edib ki, bu da 27 aylıq idxalı təmin etmək üçün kifayətdir. “Biz 2020-ci ildə ehtiyatların $38,3 milyarda qədər azalacağını (23 aylıq idxal) proqnozlaşdırırıq. Xarici aktivlər əsasən ARDNF-in 2020-ci ilin birinci rübünün sonuna $41,3 milyard təşkil edən aktivlərini və Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin may ayının sonuna $6,4 milyarda qədər artmış valyuta ehtiyatlarını əhatə edir”, - deyə məlumatda bildirilir.
Agentlik proqnozlaşdırır ki, 2020-ci ildə icmal büdcənin profisiti ÜDM-nin 6,8%-i həcmində kəsirlə əvəz olunacaq.
"Neftin qiymətinin kəskin ucuzlaşması ARDNF-dən büdcəyə neftdən əldə olunan vəsaitlərin daxil olmasını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda, hökumətin sosial ödənişlər və müavinətlər üzrə cari xərcləri artıracağı gözlənilir, çünki işsizlik səviyyəsi 2019-cu ildəki 5%-dən 8%-ə yüksələcək. Biz 2020-ci ilin sonunda dövlət borcunun ÜDM-nin 23%-nə qədər artacağını, lakin 2022-ci ilədək ÜDM-nin 19%-nə qayıdacağını proqnozlaşdırırıq", - deyə "Fitch" mütəxəssisləri qeyd edirlər.*
Ə.Məmmədov