Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı deyil. Bunu Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.
“İyulun 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub. Telefon danışığı əsnasında S.Şoyqu Z.Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib. O, bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.*
Ə.Məmmədov