Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanıb”, - deyə məlumatda bildirilir.
QH Əlaqələndirmə Bürosu Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edib.
“QH üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər. Beləliklə də, QH-nin 120 üzv dövləti Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhəddində son hərbi təxribatı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ifadə edib”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Tovuz istiqamətində döyüşlər iyulun 13-ü və 14-ü də davam edib. İyulun 15-də sərhəddə nisbi sakitlik hökm sürüb.
Lakin iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Eyni zamanda, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.
İyulun 12-dən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə açdığı atəş nəticəsində bir dinc sakin həlak olub.
İyulun 12-dən düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, komanda məntəqəsi və 100-ə yaxın canlı qüvvəsi məhv edilib.*
Ə.Məmmədov