2020-ci ilin I yarısında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 17 min 916 troya unsiya qızıl alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verib.
“2020-ci il 30 iyun tarixinə ARDNF-nin investisiya portfeli strukturunda qızılın payı 13,6% təşkil edib, bu da 101,8 tona ekvivalentdir (3 milyon 272 min 975 troya unsiya)”, - Fonddan bildirilir.
2019-cu il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 11,4% və ya $4,93 milyard məbləğində 101,244 ton təşkil edir (3255059 troya unsiya). Beləliklə, 2020-ci ilin birinci yarısı ərzində ARDNF 17 min 916 troya unsiya qızıl alıb (təxminən 557 kq. qızıl).
ARDNF 2012-ci ilin əvvəlindən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668,041 min troya unsiyası) qızıl alıb. 2019-cu ildə fond tərəfindən 50,2 tondan çox qızıl alınıb.
2020-ci il üçün ARDNF-in vəsaitlərindən istifadə proqramına uyğun olaraq gələn il fondun investisiya siyasətinin əsas məqsədi kapital itkiləri riskinin aşağı səviyyədə olması şəraitində maksimum gəlir əldə edilməsidir.
Şərtlərə əsasən, 2020-ci il ərzində fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 55%-ni; səhm (pay) portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-ni; daşınmaz əmlak portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini; qızıl portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova