2020-ci ilin yanvar-may aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 18 milyon 826,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 5 milyon 450,1 min ton yük və ya bütün yükdaşımaların 28,9%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə artım 3,9% - İF), 11 milyon 217.1 min tonu və ya 59,6%-i avtomobil nəqliyyatı (azalma 17,5%), 2 milyon 158,9 min tonu və ya 11,5%-i dəniz nəqliyyatının (artım 1,9%) payına düşüb.
Bu dövrdə TRACECA çərçivəsində yük daşımalarının ümumi həcmində 3 milyon 677,7 min ton və ya 19,5% (artım 8%) tranzit yüklərin payına düşüb.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova