ABŞ-dakı Azərbaycan icmasının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
“İyulun 20-də ABŞ-dakı Azərbaycan icmasının üzvləri ordumuza dəstək məqsədilə Konqresin qarşısına toplaşıblar. Sonra Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi və Ermənistanın Azərbaycana qarşı 30 ildən çox davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib”, - deyə məlumatda bildirilir.
Massaçusets, Nyu-York, Nyu-Cersi, Miçiqan, İllinoys və digər ştatlardan icma üzvləri Konqresin binasının önündə Azərbaycan bayraqlarını dalğalandırıb ordumuza dəstəklərini ifadə ediblər.
“Daha sonra yürüş iştirakçıları Ermənistanın Vaşinqton səfirliyi önündə toplaşıb etirazlarını bildiriblər. Ermənistanın terrorçu və təxribatçı dövlət olduğunu deyən soydaşlarımız “Qarabağ Azərbaycanındır!”, “Ermənistan mülki insanların və uşaqların qatilidir!”, “Biz hamımız Poladıq!”, “Ermənistan Azərbaycan torpaqlarından rədd ol!” şüarlarını səsləndiriblər”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə