2020-ci ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 96,314 milyon ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-iyun aylarının göstəricisindən 14,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların həcminin azalması koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiqi ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 78,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,8% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 7,201 milyon ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur.
Dəniz nəqliyyatı ilə 3,047 milyon ton (azalma 0,2%), avtomobil nəqliyyatı ilə 56,297 milyon ton (azalma 22,1%), hava nəqliyyatı ilə 186,2 min ton (artım 2,2 dəfə) müxtəlif yük daşınıb.
Yanvar-iyun aylarında daxili neft kəmərləri vasitəsilə 18 milyon 356 min ton neft (azalma 7%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov