Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki və kritik strateji obyektlərin hədəfə alınması gündəmdə olmayıb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik əhəmiyyət daşıyan strateji obyektlərin hədəfə alınması gündəmdə olmayıb. Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, - deyə o, bu gün brifinqdə bildirib.
H.Hacıyev Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.
Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanın təxribatlarının bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin təhlükəsiz olmaması barədə təəssürat yaratmaq idi.
“Lakin Ermənistan bu məqsədlərinə nail ola bilmədi”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov