Serbiya Ermənistana silah satışı ilə bağlı Azərbaycanın müraciətinə cavab verəcək. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Serbiya tərəfi Ermənistana silah satışı ilə bağlı məsələni araşdırır və Azərbaycanın müraciətinə cavab verəcək. Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”, - deyə o, bu gün brifinqdə bildirib.
H.Hacıyev əlavə edib ki, faktla bağlı Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib.
Xatırladaq ki, Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb”, - deyə XİN-in məlumatında bildirilib.
Qeyd olunub ki, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilib.
D.Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib.*
X.Nəsirzadə