İndiyədək Azərbaycanda COVİD-19-a görə karantin müddətində 195 minə yaxın vətəndaş inzibati məsuliyyətə cəlb olunub. Bunu daxili işlər naziri Vilayət Eyvazov deyib.
“Onlardan 788 nəfərin həbs edilib, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfər cərimələnib”, - Eyvazov nazirliyin 2020-ci ilin birinci yarısının yekunları üzrə Kollegiya iclasında bildirib.
Daxili işlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsindəyoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini bildirib.
Azərbaycanda koronavirus infeksiyasına görə 31 avqust tarixinədək xüsusi karantin rejimi qüvvədədir. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 3 saatadək artırılır.
Azərbaycanda ictimai yerlərdə maskadan istifadə olunmamasına görə cərimə 100 manat ($59-a yaxın) təşkil edir. **
X.Nəsirzadə