Los-Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
“İyulun 21-də Los-Ancelesdə yaşayan radikal erməni daşnaklarının Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun binası qarşısında törətdiyi aqressiv və təxribatçı əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb”, – deyə o bildirib.
Daha əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verilən məlumata görə, Los-Ancelesdə yaşayan erməni daşnakları iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə erməninin qarşısına çıxaraq onların bu təxribatına mane olublar.
Radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los-Anceles polis idarəsinin əməkdaşları onların ətrafına düzülüblər. Biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, bir polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib.
Baş konsul Nəsimi Ağayev Los-Anceles polis idarəsinin rəisi Mişel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.
“Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. Baş Konsulluq erməni cinayətkarlarının bu vəhşiliyini Los-Anceles meri və digər rəhbər şəxsləri qarşısında qaldıraraq, cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib”, – deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov