İyulun 22-də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üçtərəfli telefon danışığı baş tutub. Bu barədə Avropa Xarici Siyasət Xidməti məlumat yayıb.
“C.Borrel hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan, xüsusən də bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıb. O, regiondakı bütün subyektlərin dinc məqsədə töhfə verməli olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
Aİ-nin ali nümayəndəsi həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
O, tərəfləri atəşkəsə sadiq olduqlarını bir daha təsdiqləməyə və gərginliyin artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
C.Borrel qeyd edib ki, bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa kommunikasiya mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər.
O, həmsədrlərin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas aspektləri ilə bağlı substantiv danışıqlarda səmərəli yenidən iştirakın zəruriliyini vurğulayıb və hər iki nazir bununla razılaşıb.
Borrel şərtlər imkan verən kimi ATƏT-in monitorinqini yenidən davam etdirməyin vacibliyini də vurğulayıb.
Aİ-nin ali nümayəndəsi iki tərəflə də müntəzəm olaraq əlaqə saxlamağa hazır olduğunu vurğulayaraq Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinə tərəflər və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə sıx əlaqədə olmağa davam etməyi tapşırıb.*