2020-ci ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin profisiti 291,9 milyon manat və ya ÜDM-nin 0,9%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 12 milyard 22,7 milyon manat (icra 102,9%) təşkil edib.
Gəlirlərin strukturunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,4 milyon manat (proqnozun 108,9%-i), o cümlədən qeyri-neft sektorundan 2 milyard 899,5 milyon manat (artım 14,5%) və ya qurumun xətti ilə bütün yığımların 72,4%-i daxil olub.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat (proqnozun 105,1%-i) daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 5 milyard 675 milyon manat vəsait transfert edilib, digər gəlirlər 56,6 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 266,4 milyon manat təşkil edib.
II rübdə dövlət büdcəsinə daxilolmalar 4 milyard 211,7 milyon manat məbləğində olub.
2020-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 11 milyard 730,8 milyon manat (artım 7,1%) təşkil edib.
Sosial xərclər 4 milyard 984,4 milyon manat və ya hesabat dövründə dövlət büdcəsinin bütün xərclərinin 42,5%-ni təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə onların həcmi 26,1% artıb.
I yarımillikdə dövlət büdcəsinin cari xərcləri 8 milyard 298,2 milyon manat (bütün xərclərin 70,7%-i), əsaslı xərclər 2 milyard 551,9 milyon manat (21,8%), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 880,7 milyon manat (7,5%) təşkil edib.
Aprel-iyun aylarında büdcə xərcləri 6 milyard 476,2 milyon manat təşkil edib.
Cari ilin I yarısında ümumi büdcə gəlirləri 12 milyard 370,5 milyon manat (azalma 29,7%), xərcləri 12 milyard 884,4 milyon manat (artım 10,3%), kəsiri 513,9 milyon manat və ya ÜDM-nin 1,5%-i səviyyəsində olub.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat təşkil edir, büdcə kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov