2020-ci ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 689,971 milyon sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 28,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 323,3 min nəfər (azalma 16,1%), dəniz nəqliyyatı ilə 8,7 min nəfər (azalma 2,2%), hava nəqliyyatı ilə 446,8 min nəfər (azalma 60,4%), metro vasitəsi ilə 64 milyon 106 min nəfər (azalma 45%) daşınıb.
Cari ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 624,1 milyon sərnişin (azalma 26,4%), avtobuslarla 600,199 milyon sərnişin (azalma 26,3%), taksilərlə 23,886 milyon sərnişin (azalma 29,3%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar martın ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb. Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Metropolitenin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb.*
B.Rüstəmbəyov