2020-ci ilin I yarısında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 8,7% - 3 milyard 231,6 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 54,3%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 2 milyard 664,7 milyon manat (artım 17,2%) təşkil edib.
Emal sənayesinə 305,6 milyon manat (azalma 8,8%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 130 milyon manat (azalma 32,1%) məbləğində olub.
Bundan başqa, I yarımillikdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 680,9 milyon manat (azalma 24,3%), rabitə və informasiya sahəsinə 84,6 milyon manat (azalma 40,4%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 126,6 milyon manat (azalma 33,5%), təhsil sahəsinə 72,9 milyon manat (azalma 41,2%) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2019-cu ildə sənaye sahəsinə investisiya qoyuluşları 8 milyard 628,8 milyon manat məbləğində olub ki, bu da 2018-ci ilin göstəricisindən 0,4% azdır.*
B.Rüstəmbəyov